Mikroorqanizmlər və ya mikroblar (yun. μικρός, mikrós, kiçik və, organismós - orqanizm, vücud";) — adətən ölçüləri 0,1 mm-dən az, gözlə görünməyəcək qədər kiçik olan canlı orqanizmlərin ümumi adı. Mikroorqanizmlərin öyrənilməsi ilə mikrobiologiya elmi məşğul olur. Onların tədqiqi ilk dəfə 1675-ci ildə öz yaratdığı mikroskop ilə mikroorqanizmləri kəşf edən Anton van Levenhukun faliyyəti ilə başlamışdır.
Mikroorqanizmlərin çoxu birhüceyrəli olur, onların bir qismi gözlə də görünür. Mikroorqanizmlər Yerin atmosferində dinamik mütənasibliyin qorunub saxlanmasında və ekosistemdə maddələr mübadiləsində böyük rol oynayırlar
Mikroorqanizmlər üzvi maddələri qeyri-üzvi maddələrə parçalayır, atmosfer havasındakı azotu bitkilər tərəfindən mənimsənilə biləcək hala gətirir. Bununla da torpağın münbitləşməsində və öz-özünü tənzimləmə prosesində iştirak edir. İnsan və heyvanların ifrazatları vasitəsilə torpağa düşən mikroorqanizmlərin əksəriyyəti müxtəlif ekoloji amillərin təsirindən məhv olsa da, bir qismi uzun müddət yaşama qabiliyyətini saxlayaraq yenidən insanları yoluxdurur və müvafiq xəstəliklər törədir.
Mikroorqanizmləri karbon və azot mənimsəməsinə görə fərqləndirirlər:
1. Karbon mənimsəmə xüsusiyyətlərinə görə avtotrof və heterotrof;
2. Azot mənimsəmə xüsusiyyətinə görə aminoavtotrof və aminoheterotroflar.
Avtotroflar üzvi maddələri sintez etmək üçün qeyri-üzvi birləşmələrdən, əsasən, sudan və karbon qazından, heteretroflar isə karbon mənbəyi kimi üzvi maddələrdən istifadə edir.
Aminoavtotroflar zülal sintezi üçün azot mənbəyi kimi ya havanın azotundan, ya da ammonium duzlarından, aminoheterotroflar isə azot mənbəyi kimi amin turşularından və zülallardan istifadə edir.
Torpağın mikroflorası
Torpaqda üzvi və mineral maddələrin, eləcə də rütubətin olması torpaqda mikroorqanizmlər üçün əlverişli mühit yaradır. Bu canlıların sayı 5-20 sm dərinlikdə daha çox olur. Dərinliyə getdikcə onların miqdarı azalır, 1 m dərinlikdə isə minimuma enir.Cənub qurşaqlarında münbit və gübrələnmiş torpaqlarda mikroorqanizmlərin miqdarı çox olur.
Torpaqda
azotfiksəedici, nitrifikasiya, denitrifikasiya, sellüloza parçalayıcı
bakteriyalara, göbələklərə, şibyələrə və bir sıra ibtidailərə təsadüf edilir.
Bunlar maddələr dövranının həyata keçməsində mühüm rol oynayır.
Torpağın sanitar mikrobioloji
müayinəsində:
1 q torpaqda olan bakteriyaların ümumi sayı;
• Sanitar göstərici mikroorqanizmlərin - bağırsaq çöplərinin miqdarı;
•1 q torpaqda olan termofil* bakteriyalar;
• Epidemioloji göstərişlər olduqda patogen mikroorqanizmlər
(salmonellalar*, tetanus və botulizmin törədiciləri, bəzi viruslar) təyin edilir
Suyun mikroflorası
Təbii su mənbələri
öz-özünü tənzimləmə xüsusiyyətinə malikdir.
Açıq su hövzələrində (dənizlər, göllər, çaylar)
torpaq mikroorqanizmlərinə daha çox rast gəlinir.
Yaşayış
məntəqələrinin ərazisində olan axar çayların suyunda insanın bağırsaq
mikroflorasının növlərinə daha çox rast gəlinir. Yaşayış ərazilərindən
uzaqlaşdıqca özünütənzimləmə prosesi nəticəsində onların sayları azalır.
Öz-özünü tənzimləmə nəticəsində suda saprofit mikroorqanizmlərinin miqdarı da
tənzimlənir.
Su vasitəsilə yoluxan xəstəliklərə qarın yatalağı,
dizenteriya, vəba, salmonelloz və s. aiddir.
Suda olan mikroorqanizmlərin zərərsizləşdirilməsi
Bunun üçün sterilizasiya və dezinfeksiya üsullarından istifadə olunur. Suyun qaynadılması oradakı mikroorqanizmləri və onların sporlarını, əsasən, məhv edir. İri yaşayış məntəqələrinin su təchizatı üçün istifadə olunan mənbələrdə su, əsasən, xlorlaşdırılmaqla zərərsizləşdirilir. Bu məqsədlə bəzən ozonlaşdırma da tətbiq edilir.
Atmosferin mikroflorası
Havadakı mikroorqanizmlərin öyrənilməsi ilə
mikrobiologiyanın aeromikrobiologiya*
şöbəsi məşğul olur. Hava onların yaşaması üçün əlverişli mühit olmadığından
burada onlar müvəqqəti mövcud olur. Lakin göbələk və bakteriya sporları, vərəm
çöpləri havada uzun müddət həyatilik qabiliyyətini saxlayır.
Havada aktinomisetlər, kif
göbələkləri və koklara daha çox rast gəlinir.
Metereoloji şəraitdən
asılı olaraq havanın mikroflorası dəyişir. Küləkli havada mikroorqanizmlərin
sayı artır və torpaq mikroflorasına yaxın olur. Yağışlı havada isə
mikroorqanizmlər azalır.
Yoluxma mənbəyi hava olan bəzi xəstəliklər toz və damcı vasitəsilə ötürülür. Damcı vasitəsilə qrip, qızılca, göyöskürək, difteriya, vərəm və s. xəstəliklərin törədiciləri xəstə insanın yuxarı tənəffüs yollarından danışarkən, öskürmə və asqırma zamanı havaya, buradan da sağlam insana keçir.
Havanın sanitar mikrobioloji müayinəsi, əsasən, müalicə və uşaq müəssisələrində aparılır. Bu zaman:
•1m3 havada olan bakteriyaların ümumi sayı;
•1m3 havada streptokokların sayı;
•1m3 havada patogen və şərti patogen* orqanizmlər təyin edilir.
Havanın sanitar-mikrobioloji müayinəsi 2 üsulla - çökdürmə və aspirasiya üsulları ilə aparılır.
Çökdürmə üsulu zamanı havadakı mikroorqanizmlər qidalı mühitlərin səthinə mexaniki çökdürülür. Bu, mikrofloranın tərkibini öyrənmək üçün tətbiq edilir.
Aspirasiya üsulu zamanı isə hava qidalı mühitlərdən keçərək sovrulur. Bununla mikroorqanizmlərin sayını və tərkibini öyrənmək olur.
Təbii və süni ventilyasiya yolu ilə qapalı yerlərin havasında mikroorqanizmlərin sayını azaltmaq mümkündür. Ultrabənövşəyi şüalarla təsir etməklə cərrahi əməliyyat otaqlarının, mikrobioloji laboratoriyaların havası zərərsizləşdirilir.
Qida məhsullarının mikroflorası
Qida məhsulları mikroorqanizmlərin yaşaması üçün əlverişli mühitdir. Burada həm saprofit, həm də parazit mikroorqanizmlərə rast gəlinə bilər. Qidanın növündən, mənşəyindən, saxlanılma şəraitindən və s. asılı olaraq onun mikroflorası fərqli olur.
Süd (1ml) və süd məhsullarının (1q) mikrobioloji müayinəsi zamanı mikroorqanizmlərin miqdarı təyin edilir.
Spesifik mikrofloraya malik olan turş süd məhsullarının müayinəsi ümumi mikroorqanizmlərin sayına görə deyil, onda olan bağırsaq çöplərinin miqdarına görə təyin olunur.
Ət və ət məhsullarının sanitar-mikrobioloji müayinəsi zamanı aşağıdakı göstəricilər təyin edilir:
• məhsulun lq-da bağırsaq çöplərinin miqdarı;
• məhsulun 5 q-da salmonellaların miqdarı.
Hiç yorum yok:
Yorum Gönder