13 Aralık 2023 Çarşamba

Maddələr mübadilsinə təsir edən amillər

 Maddələrin xarici mühitdən orqanizmə daxil olması, parçalanması və lazımsız məhsulların orqanizmdən xaric olunması kimi ardıcıl mürəkkəb prosesə maddələr mübadiləsi deyilir.

 Orqanizmdə baş verən müxtəlif kimyəvi proseslərin cəmi maddələr və enerji mübadiləsi ilə nəticələnir. Maddələr mübadiləsi nəticəsində hüceyrə kimyəvi tərkibini və formasını daim sabit saxlaya bilir. Maddələr mübadiləsi bilavasitə enerji çevrilməsi prosesidir. Bu prosesin normal getməsi temperaturdan asılıdır. Temperaturun dəyişməsi prosesin sürətinə təsir göstərir.

Maddələr mübadiləsi, əslində, bir-birini əvəz edən mürəkkəb biokimyəvi proseslərin zənciri kimi başa düşülməlidir. Bu proseslər aşağıdakılardan ibarətdir:

  1. Xarici mühitdən maddələrin qəbul edilməsi;
  2. Orqanizmdə həmin maddələrin istifadə olunması və digər maddələrə çevrilməsi;
  3. Parçalanmış məhsulların bir qisminin xarici mühitə çıxarılması.

Maddələr mübadiləsi orqanizmdə üç əsas formada və istiqamətdə həyata keçirilir:


1.Ümumi maddələr mübdiləsi-Orqanizmdə müşahidə olunan oksidləşmə reaksiyaları toxumanın tənəffüsü adlanır. Bu zaman oksidləşmə-reduksiya prosesləri maddələr mübadiləsinin əsasını təşkil edir.



2.Aralıq maddələr mübadiləsi-Aralıq maddələr mübadiləsi üzv və toxuma hüceyrələrində müəyyən üzvi birləşmələrin digərinə çevrilməsidir, yəni hüceyrədaxili həzm prosesidir.


3.Əsas və enerji mübadiləsi-orqanizm üçün zəruri olan enerjinin alınması və bir enerji növünün digərinə çevrilməsi prosesidir.




Maddələr mübadiləsi canlı aləmdə eyni dərəcədə getmir. Soyuqqanlı heyvanlarda (balıqlar, suda-quruda yaşayanlar, sürünənlər) maddələr mübadiləsi zəifdir. Onların bədəninin temperaturu həmişə xarici mühitdən asılı olur.

İstiqanlı heyvanlarda (quşlar, məməlilər) maddələr mübadiləsi intensiv gedir. Bu canlıların bədən temperaturu xarici mühitdən asılı olmur. Quşların şaxtalı havalarda belə bədən temperaturu 40°C-dən aşağı olmur. Arktika və Antraktidada məməlilər və quşlar fəal həyat tərzi keçirirlər. Canlıların müxtəlif amillərə dözümlülüyü onların orqanizmində gedən maddələr mübadiləsindən asılıdır. Soyuqqanlı və bəzi istiqanlı heyvanlar uzun müddət qış yuxusuna gedir


Azotun orqanizm tərəfindən mənimsənilməsi səviyyəsi orqanizmin yaşından, fəaliyyətindən və fizioloji vəziyyətindən asılıdır.

 Azot balansı sutka ərzində orqanizm tərəfindən mənimsənilən və xaric olunan zülalın miqdarına görə müəyyən olunur. Uşaqlarda müsbət, yaşlılarda isə mənfi azot balansı müşahidə olunur.

Qidanın tərkibində olan azotu xaric olunan azotun miqdarına bölürlər. 

  • Alınan rəqəm 1,0-dan aşağı olarsa, mənfi; (yaşlılarda)
  • 1,0-dan yuxarı olarsa, müsbət; (uşaqlarda)
  •  0 olarsa, azot balansının tarazlığı yaranır.

Karbohidrat mübadiləsinin pozulması. Karbohidratlar qidanın əsas tərkib hissəsidir. Gündəlik qida rasionunda karbohidratlar zülallara nisbətən 4-4,5 dəfə çox olur. İnsan orqanizmində zülalların və yağların dissimilyasiya məhsullarından da karbohidrat sintez olunur. Lakin əsas karbohidrat mənbəyi qida maddələridir. İnsan orqanizmində karbohidrat mübadiləsi bir-biri ilə sıx əlaqəli olan aşağıdakı proseslərdən ibarətdir:


Qanda şəkərin qatılığının 6,66 mmol/l-dən (120 mq %) çox olması - hiperqlikemiya, 3,59 mmol/l-dən (70 mq %) az olması isə hipoqlikemiya adlanır. Qanda qlükozanın qatılığı 9,44 - 9,99 mmol/l-dən artıq olduqda sidikdə şəkər ifraz olunur. Buna qlükozuriya deyilir.

Lipid mübadiləsinin pozulması. Lipidlərin həzmi, əsasən, mədəaltı vəzi şirəsində olan lipazanın fəallığından asılıdır. Bu prosesdə öd də mühüm rol oynayır. Ona görə də hər iki orqanın funksiyalarında baş verən dəyişiklik lipidlərin həzminə və sorulmasına öz təsirini göstərir.

Öd axacağının tutulması, öd kisəsinin iltihabı, öd sekresiyasının pozulması, infeksion hepatit zamanı yağların həzmi və sorulması pozulur. Çünki onların sorulması bağırsaq möhtəviyyatında öd turşusunun olmasından asılıdır. Bu zaman nəcisin tərkibində hidroliz edilməmiş yağlar və üzvi turşular olduqda o, bozumtul-ağ rəngdə olur. 



Amin turşu mübadiləsinin pozulması. Amin turşu mübadiləsinin pozulmaları qazanılmış və irsi olmaqla iki qrupa bölünür. Qazanılma xarakterli pozulmalara qidanın keyfiyyətsizliyi (qidada əvəzedilməz amin turşularının və bəzi vitaminlərin çatışmazlığı), həzm sisteminin funksiyasının zəifliyi, endokrin sistemin bəzi xəstəlikləri, uzunmüddətli aclıq və s. amillər səbəb ola bilər. Əvəzedilməyən amin turşularının hər hansı birinin və ya bir neçəsinin çatışmazlığı orqanizmdə zülal biosintezinin zəifləməsinə səbəb olur. Bu zaman qanda sərbəst amin turşularının miqdarı artır. Sidikdə normal göstəricidən artıq miqdarda amin turşusu ifraz edilir.İnsanın qidasında amin turşularından olan triptofanın çatışmazlığı ciddi arıqlamaya, lizin çatışmazlığı başgicəllənməyə və ürəkbulanmaya, histidin çatışmazlığı qanda hemoqlobinin miqdarının azalmasına səbəb olur.Albinizm. Bu xəstəlik amin turşusu mübadiləsinin pozulması nəticəsində yaranan xəstəlikdir.


Zülal mübadiləsinin pozulması. Bədəndə zülallar daima parçalanır və yeniləri ilə əvəz olunur. Böyüməkdə olan orqanizmin zülallara ehtiyacı daha çox olur. Zülal mübadiləsi pozularsa, orqanizmdə çox böyük fəsadlar yaranır. Ancaq orqanizmdə zülal mübadiləsi pozğunluqlarına az rast gəlinir.

Mədə şirəsində pepsinin azalması çox vaxt xlorid turşusunun azalması nəticəsində baş verir. Xlorid turşusu çatışmayanda maddələrin pepsinə çevrilməsi prosesi ləngiyir. Bu zaman zülal mübadiləsi pozulur. Mədə və bağırsaqlarda ferment çatışmazlığı qida maddələrinin tam həzminə imkan vermir. Orqanizmə daxil olan zülalların 90 %-i mənimsənilir. Bu zaman orqanizmdən nəcislə xaric edilən azotun miqdarı sutkada 2,5 qramdan artıq olmur. Zülal mübadiləsi pozulanda bu, 3 qram və daha artıq olur. Zülalların tərkibinin dəyişməsi bir çox xəstəliklərin yaranması ilə nəticələnir. Xüsusən uşaqlarda belə hal ağıl kəmliyinə və erkən yaşlarda ölümə səbəb olur.