11 Mart 2017 Cumartesi

Toxumun qurluşu


Toxum – çiçəkli bitkilərin inkişafında əsas rol oynayan müstəqil çoxalma orqanıdır. Mayalandıqdan sonra toxumluğun (meqasporangiyanın) inkişafında əmələ gələn məhsula toxum deyilir.

Toxumunun qurluşu-Toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir.Toxumun içərisində rüşeym, onun da ətrafında rüşeymin müvəqqəti qidasını təşkil edən ehtiyyat maddəsi olur. Hər toxum xaricdən qabıqla örtülür. Toxum qabığı toxumu xarici təsirlərdən – qurumaqdan və zədələnmədən qoruyur. Qabıq toxumu xarici təsirlərdən qorumaqla yanaşı onun tamlığını təmin edir.Toxumun xarici qabıq hissəsi müxtəlif sərtlikdə və rəngdə, səthi isə çopur, qırışıq, hamar, kələ kötür, tikanlı, tüklü ola bilər. Endosperm xüsusi hüceyrələr qrupu olub özündə ehtiyat qida maddələri toplayır. Toxumun rüşeymini qidalandırmağa xidmət edir.Çiçəkli bitkilər örtülü toxumlu bitkilər adlanır. Buna səbəb toxumun tozlanma və mayalanma nəticəsində əsas bitkidə qapalı yumurtalıqda əmələ gəlməsi və ilk inkişafını yumurtalıqda əsas bitki üzərində keçirməsidir.Toxumlar böyüklüyünə və çəkilərinə görə, eləcə də birləpəli və ikiləpəli olduqları üçün çox müxtəlifdir. Onlar cürbəcür rəngdə və formada olur. Toxumdakı ləpə xaricdən qabıqla örtülmüşdür.  Toxum aşağıdakı hissələrdən ibarət olur:kökcük,ləpə (yaxud ləpələr) gövdəcik,toxum qabığı(dəriciyi), endosperm, tumurcuq (yarpaqcıq). Kökcük, gövdəcik və tumurcuq birlikdə toxumun rüşeymi adlanır.Rüşeym kökcüyündən bitkinin əsas kökü inkişaf edir. Rüşeym gövdəciyinin üzərində rüşeymin hissələri olur. Rüşeym tumurcuğundan bitkinin əsas gövdəsi inkişaf edir. Ləpə yarpaqları bitki rüşeyminin ilk yarpaqlarıdır. Bəzi bitkilərdə yaxşı inkişaf etdiyi üçün (məsələn, lobya) ləpə yarpaqları torpaqdan kənara çıxabilir.Toxumun ləpə yarpaqlarında rüşeymin inkişafı üçün tələb olunan ehtiyat qida maddələri ya ləpələrdə, rüşeymin özündə, ya da endospermdə yerləşir. Birləpəli bitkilərin toxumunda isə rüşeymin bir ləpəsi olur və qida maddələri yalnız endospermdə yerləşir.
Birləpəli və ikiləpəli bitkilər. Çiçəkli bitkilərin rüşeymində, adətən, bir və ya iki ləpə yarpağı olur. Rüşeymində bir ləpə yarpağı olan bitkilərə birləpəlilər, iki ləpə yarpağı olanlara isə ikiləpəlilər deyirlər. 
İkiləpəli bitkilər. Bunların toxumunda ehtiyat qida maddələri toxumun rüşeymində toplanır. Lobya, noxud kimi ikiləpəli bitkilərin toxumlarında ehtiyat qida maddələri rüşeymin ləpə yarpaqlarında, yabanı ağ turp və quşəppəyi bitkilərində isə tumurcuqdan savayı, rüşeymin hər yerində toplanır. 
Qaymaqçiçəyi və üçrəng bənövşə bitkilərində qida maddələri rüşeymdən başqa, həm də endospermdə toplanır. Bu səbəbdən onların rüşeymləri endospermlə əhatə olunur. 
• Birləpəli bitkilərdə toxumun quruluşu necədir? 
Birləpəli bitkilər. Buğda, çovdar, soğan, zanbaq kimi birləpəli bitkilərin rüşeymində ehtiyat qida maddəsi olmur.Ehtiyat qida maddəsi toxumun yalnız endospermində toplanır. Toxum cücərərkən endospermdə olan ehtiyat qida maddələri ləpə yarpağı vasitəsilə rüşeymə daxil olur.


Toxumun tərkibində müxtəlif üzvi və qeyri üzvi maddələr var.
Toxumların tənəffüsü--Bütün canlılar, bitkilər, heyvanlar və insanlar tənəffüs etdiyi kimi toxumlar da tənəffüs edir. İnsanlar və heyvanlar xüsusi tənəffüs orqanları ilə tənəffüs edir. Lakin bitkilərin xüsusi tənəffüs orqanları yoxdur. Bitkilər bütün orqanları ilə tənəffüs etdiyi kimi toxumlar da bu qaydada tənəffüs edərək oksigeniudur, karbon qazını buraxır. Toxumlar cücərərkən rüşeym kökcüyü, gövdəciyi və yarpaqcıqları vasitəsi ilə tənəffüs edir. Quru toxumlarda tənəffüs prosesi zəif gedir. Onların tənəffüsü cücərmə zamanı daha güclü olur.
Ən böyük toxum Seyşel palmasının toxumudur.Çəkisi 30 kq-dır.

Toxumların yuxu dövrü
Toxumların yuxu dövrünün ilk mərhələsi qurutma ilə başlayır. Toxum, toxumalardan suyu itirərək yuxuya gedir. Canlı bitki toxumlarında 90-95% su olduğu halda, yuxu dövründə olan toxumların toxumalarında 5% və ya ən çox 15% qədər su olur. Bu proses müəyyən sıralama ilə genetik nəzarət altında baş verir. Bu prosesin həyata keçməsində əsas amil abscisic acid adlandırılan hormondur. Bu hormon bitkinin böyüməsinə mane olan hormonlardan biridir. Bu hormona görə toxumda olan funksiyalar zəifləyir. Yuxu dövründə olan toxumun hüceyrələrində tənəffüs xeyli zəifləyir, qidalanma və inkişaf da baş vermir.
On illərlə, hətta əsrlərlə yuxu dövründə qalan və sonra cücərən toxumlar var. Bu yuxu dövrü bitkilərin nəsillərini davam etdirmələri üçün olduqca vacibdir. Bitkilərin çətin şəraitlərdə həyatlarını davam etdirə bilmələri üçün belə bir mexanizmin varlığı zəruridir.

Hiç yorum yok:

Yorum Gönder