9 Nisan 2024 Salı

İlişikli irsiyyət

 Tomas Morqan və onun tələbələri(Q.C.Möller, A.Q.Störtevant) "Xromosomun İrsiyyəti" nəzəriyyəsini formalaşdırmışdılar. Genlərin xromosomda yerləşməsi haqqında qoyulmuş qanunauyğunluqlar Qreqor Mendelin qanunlarının sitoloji mexanizmlərinin aydınlanmasına və təbii seçmə nəzəriyyəsinin genetik əsaslarının inkişafına səbəb oldu. Növlərdə irsiyyət və dəyişkənliyin olmasına aid uzunmüddətli və çətin araşdırmalar yalnız Morqanın drozofil milçəyi üzərində apardığı eksperimentlərdən sonra uğurla nəticələndi.O drozofil milçəyinin öyrənilmiş xüsusiyyətlərini 4 qrupa böldü, bunlar irsən nəslə ötürülür və drozofil milçəyində 4 cüt xromosomun olmağı ilə bağlıdı.



Morqanın homoziqot boz bədənli, normal qanadlı (dominant əlamət) milçəklə qara bədənli, rudiment (tam inkişaf etməmiş) qanadlı (resessiv əlamət) milçəyi çarpazlaşdırması zamanı bütün milçəklər boz bədənli, normal qanadlı oldu. Deməli, Mendelin birinci qanunu özünü göstərdi. Lakin birinci nəsildə alınmış heteroziqot milçəklərlə resessiv milçəklərin çarpazlaşmasında alınacaq milçəklərin sayı Mendel qanunlarına uyğun olmadı.

Əgər Mendel qanunlarına görə, diheteroziqot genotipli dişi fərdlər resessiv genotipli erkək fərdlərlə çarpazlaşarsa, alınan nəsillərdə boz bədən, normal qanadlılar 25%, boz bədən, rudiment qanadlılar 25%,qara bədən, normal qanadlılar 25%, qara bədən, rudiment qanadlılar 25% alınmalı idi. Ancaq bu nisbət alınmır. Parçalanma aşağıdakı kimi ola bilər:

41,5% boz bədən, normal qanad;

41,5% qara bədən, rudiment qanad;

8,5% boz bədən, rudiment qanad;

8,5% qara bədən, normal qanad.

Buna səbəb qeyri-allel genlərin eyni xromosomlarda yerləşməsi və irsən nəsildən-nəslə bir yerdə ilişikli keçmələridir.

Yeni kombinasiyaların yaranmasına səbəb meyoz prosesi zamanı I profazada homoloji xromosomların konyuqasiyası zamanı gen mübadiləsinin (krossinqover) baş verməsidir. Krossinqover hadisəsinin başvermə tezliyi genlərin xromosomlarda yerləşməsi vəziyyətindən asılıdır.

Genlər xromosomda nə qədər uzaq yerləşərsə, krossinqover bir o qədər çox baş verər. Bu hadisələrin öyrənilməsi hazırda orqanizmlərin gen xəritələrinin qurulmasına imkan verir. Hər bir orqanizmdə ilişikli gen qruplarının sayı haploid xromosom yığımına bərabər olur.

Bu nəzəriyyənin əsas müddəaları aşağıdakılardır:

1. Müxtəlif genlər eyni xro- mosomlarda yerləşə bilir. Hər bir xromosom ilişikli genlər qrupunu təmsil edir, növün ilişik qruplarının sayı haploid dəstdə olan xromosomların sayına bərabərdir.

2. Hər bir gen xromosomda müəyyən yer (lokus) tutur; xro- mosomlarda genlər düz xətt üzrə yerləşir.

3. Homoloji xromosomlar arasında allel gen mübadiləsi gedir.

4. Xromosomda genlər arasında məsafə onların arasındakı krossinqoverin sayına düz mütənasibdir.




Hiç yorum yok:

Yorum Gönder