3 Mayıs 2017 Çarşamba

Əqrəblər

Əqrəblərin 600-ə yaxın növü məlumdur. Əqrəblər orta və iri ölçülü xeliserlilər olub, adətən 5-10 sm, bəzən də 20 sm-ə qədər olurlar. Bədəninin üzəri xitinləşmiş kutikula qatı ilə örtülmüşdür. Xitin örtüyün tərkibində kalsium-korbonat vardır və ona görə də örtük çox möhkəmdir. 
Əqrəbin bədəni iki hissədən – baş-döş və qarıncıqdan ibarətdir. Əqrəblər qarıncıq buğumlarının çox olması və son-quyruq  buğumunda zəhər vəzisinin yerləşməsi, qısqacların çox güclü inkişaf etməsi, diri bala doğması ilə seçilir. Əqrəblər əsasən isti yerlərdə çox olurlar. Baş-döşdə bir cüt nisbətən iri mürəkkəb gözlər, 5 cütə qədər də kiçik gözcüklər vardır. Xeliser çox da iri olmayıb bir cütdür və ağız dəliyinin önündə yerləşmişdir. Xeliser üç buğumludur.Xeliser qidanın qoparılmasında, xırdalanmasında əsas rol oynayır.Baş-döş hissənin ikinci orqanı pedipalplar və ya çənə ayaqlarıdır. Pedipalplar bir cüt olub, yaxşı inkişaf etmşdir və qurtaracağında iri qısqacı vardır. Pedipalplar hissetmə orqanı olmaqla yanaşı, qidanın tutulmasında da iştirak edir.
Əqrəbin baş-döş hissəsində dörd cüt yerimə ayaqları vardır.  Hər bir ayaq çanaq, burma, bud, baldır və pəncə adlanan hissələrdən ibarətdir. Pəncə üçbuğumludur və qurtaracağında caynaq vardır.
Qarıncıq hissə 12 buğumdan və telsondan ibarətdir. Buğumlarının quruluşuna görə qarıncıq iki hissəyə - ön və dal qarıncığa ayrılır. Qarıncığın qurtaracağında şişmiş formada olan telson yerləşmişdir. Telsonda zəhər ifraz edən bir cüt vəzilər vardır. Zəhər telsonda olan neştər vasitəsilə şikarına yeridilir.
Qarıncıq hissədə aydın görünən heç bir ətraf yoxdur. Bununla belə, elə orqanlar da vardır ki, onlar ətrafların şəkildəyişməsindən əmələ gəlmişdir. Bu orqanlara, xüsusilə cinsi qapaq, daraqşəkilli çıxıntı və ağciyər aiddir.
Əqrəblər yırtıcı həyat tərzi keçirərək, isti ölkələrdə yayılmışdır. Gündüzlər yuvada, daşların, ağac qabıqlarının altında və s. yerlərdə gizlənərək, gecələr ova çıxırlar. Əqrəb zəhəri insanlar üçün qorxulu olmayıb, şiş əmələ gətirir və baş ağrıları verir.
Əqrəblər diri bala döğur ,körpə balanı yumurta pərdəsi içərisində dünyaya gətirir.Sonra ilk 5-7 gün ananın belində böyüyür.
Əqrəb zəhəri ilan zəhərindən qiymətli sayılır.Boz və sarı əqrəbin zəhəri zəif qara əqrəbin zəhəri isə güclü olur.
Azərbaycanda 3 növü var.

1 yorum: