13 Ekim 2023 Cuma

Təkamülün istiqamətləri

  

Təkamülün istiqamətləri

1.Bioloji tərəqqi (proqress) və 

2.Bioloji tənəzzüllə (reqress) 

Aleksey Nikolayeviç Severtsov və İvan İvanoviç Şmalhauzen müəyyən edib. 

Bioloji tərəqqi növlərin yüksələn xətlə inkişaf etməsinə deyilir. Bu zaman növün populyasiyalarındakı fərdlərin sayı artır, areal genişlənir, yeni yaranan fərdlərin sayı məhv olanlardan çox olur. Arealın genişlənməsi çox vaxt yeni populyasiyaların yaranması ilə nəticələnir. Hazırda bəzi növlər bioloji tərəqqidədir. Məsələn, əksər cücülər, sap qurdlar, dovşanlar, siçanlar, siçovullar və d. buna misaldır



Bioloji tənəzzül bioloji tərəqqinin əksidir. Bu zaman məhv olan fərdlər yeni yarananlardan daha çox olur, növün fərdlərinin sayı azalır, areal kiçilir. Hətta bəzi növlər tənəzzülə uğrayır və məhv olur. Hazırda bir çox iri məməlilərin sayı (fil, kərgədan, bizon və s.) həddindən çox azalmışdır. Bitkilərdən plaunkimilərin nəsli kəsilmək üzrədir. Tarixi inkişaf zamanı bir çox bitki və heyvan növləri tamamilə yox olmuşdur.


 Təkamülün yolu

 1.Aromorfoz, 

2.İdioadaptasiya 

3.Ümumi degenerasiya

A.N.Severtsov və İ.İ.Şmalhauzen müəyyən edib.

Aromorfoz. Bu elə təkamül dəyişkənliyidir ki, quruluşu ümumi yüksəlişə aparır, həyat fəaliyyətini artırır. Quruluş səviyyəsi yüksəldikcə orqanizmlər yeni həyat şəraitinə keçmə imkanı qazanırlar. Belə orqanizmlər yaşamaq uğrunda mübarizədə böyük üstünlüklər əldə edir və qalib gəlirlər. Canlılarda fotosintezin yaranması, çoxhüceyrəlilik, cinsi çoxalma prosesi Arxey erası və Proterozoy erasına keçiddə ən mühüm aromorfozlar olmuşdur. Heyvanların quruya çıxması ilə əlaqədar olaraq onlarda bir sıra aromorfozlar - daxili mayalanma, ağciyərlər, ətraflar, qanadlar yaranmışdır.

Bitkilərdə baş verən aromorfozlara misal olaraq toxumaların, orqanların yaranmasını, sporla və toxumla çoxalma, ikiqat mayalanma proseslərini göstərə bilərik.

Aromorfozlar nəticəsində populyasiyalarda doğum ölümə nisbətən çox baş verir. Bu, fərdlərin sayını artırır. Say artdıqca areal genişlənir, bu isə yeni populyasiyaların yaranmasına səbəb olur. Deməli, aromorfozlar bioloji tərəqqi ilə nəticələnir. Aromorfozlar nəticəsində tip, şöbə, sinif kimi iri taksonomik qruplar yaranır.

İdioadaptasiya. Bu prosesdə canlılar yaşadıqları mühit şəraitinə uyğunlaşmalar qazanırlar. Belə uyğunlaşmalar daha kiçik təkamül dəyişkənlikləridir. 

yarpaqların tikana, pulcuğa çevrilməsi, köklərin çox dərinə getməsi, gövdə və
yarpaqlarda suyun toplanması,bədənin yastılaşması, üzgəclərin quruluşu,qarmaqcıqların, tikancıqların, qanadçaların və uçağanların yaranması,

Heyvanlarda xəbərdarlıqedici rəng, qoruyucu rəng, mimikriya, maskalanmalar idioadaptasiyalara misaldır. İdioadaptasiyalar nəticəsində kiçik taksonomik qruplar - növ, cins, fəsilələr əmələ gəlir. İdioadaptasiyalar növ sayının artmasına, arealın genişlənməsinə, növəmələgəlmənin tezləşməsinə - yəni bioloji tərəqqiyə səbəb olur.

Ümumi degenerasiya. Bu prosesdə orqanizmlərin quruluşu sadələşir, çox vaxt onlarda bəzi orqanlar yoxa çıxır və ya qalıq halında qalır. Degenerasiyaya ən çox oturaq və ya parazit həyat tərzi keçirən orqanizmlərdə rast gəlinir. Parazitizmlə əlaqədar olaraq qurdlarda bir çox orqanlar yoxa çıxmış və ya sadələşmişdir. Məsələn, öküz soliterində həzm, hərəkət, duyğu orqanları yox olmuş, sinir sistemi sadələşmişdir. Parazit qurdlarda bu sadələşmələrə baxmayaraq, çoxalma orqanları güclü inkişaf etmişdir.

Parazit həyat tərzi ilə əlaqədar olaraq qızıl sarmaşıqda yaşıl rəng, kök, yarpaqlar yox olmuşdur. Ancaq onda olan sormaclar bitkinin qidalanmasını təmin edir. Qızılsarmaşıq sürətlə çoxalır. Deməli, ümumi degenerasiya da bioloji tərəqqiyə səbəb olur.


Hiç yorum yok:

Yorum Gönder